“Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı rəsmi açıqlama olmadığı üçün bu barədə yalnız fərziyyələr irəli sürmək olar. Əks halda, bu, təxribatçı və ya spekulyativ şərh kimi görünərdi”.
DenMedia.az xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib.
“Əlbəttə ki, Azərbaycanda Qarabağ müharibəsinin 5-ci ildönümünün qeyd edilməsinin ardınca belə bir faciəli qəzanın baş verməsi və yaxın saatlarda Bakıda keçirilən Zəfər paradında iştirak edən Pakistan tərəfində baş verən terror aktları “Pakistana və Türkiyəyə Azərbaycanı dəstəklədiklərinə görə mesaj göndərilir?” sualını ağıla gətirir.
Qəzanın texniki səbəbləri kimi hidravlik sistemdəki nasazlıq, komanda sistemində nasazlıq, rabitə sistemi və təyyarənin idarəetmə mərkəzlərinin elektron nasazlıq səbəbindən sıradan çıxması, içəridə yük olubsa bu yükün balanssız və ya yanlış bərkitmə səbəbindən təyyarənin balansını pozması və ya yükün öz iplərindən boşalaraq uçuş zamanı təyyarənin arxasına güclü təzyiq etməklə onun düşməsinə səbəb olması, pilotun və ya texniki personalın səhvi də ola bilər. Bununla belə, zəif olsa da, digər ssenarilər də nəzərdən keçirilə bilər. Məsələn, təyyarəyə mərminin dəyməsi və ya idarəetmədən çıxmış dronun təyyarəyə dəyib qəzaya uğraması kimi müxtəlif ssenarilər də mümkündür”.
İsmail Cingöz
Siyasi şərhçinin sözlərinə görə, təyyarənin sabotaj edilib-edilmədiyi, yaxud xarici və ya daxili hücuma məruz qaldığı hələ ki məlum deyil:
“Əgər belə bir hücum və ya sabotaj olubsa şübhəsiz ki, texniki qrupun təyyarənin qalıqlarını araşdırması və qara qutunun araşdırılması zamanı aşkar ediləcək. Türkiyə, türklük və ya Türkiyə–Azərbaycan münasibətlərindən istər daxildə, istərsə də xaricdə narahat olan bir seqment var. Onların hücum və ya təxribat törətməsi ehtimalı az olsa da mövcuddur. Lakin həqiqət texniki qrupların araşdırması və qara qutunun deşifrə edilməsi ilə ortaya çıxacaq. Digər izahlar fərziyyə olaraq qalır”.
Xatırladaq ki, noybarın 11-də Gəncədən havaya qalxan Türkiyəyə məxsus C-130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Hadisə nəticə 20 nəfər həlak olub. Əsas versiya təyyarənin texniki səbəbdən qəzaya uğraması ilə bağlıdır. Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

