Xəbər verdiyimiz kimi, qalmaqallı milyarder Ceffri Epşteyn barəsində aparılan istintaq materiallarında Tibet buddizminin ruhani lideri Dalai Lama XIV Tenzin Gyatsonun adı çəkilir. Lakin bildirilib ki, o, maliyyəçi ilə heç vaxt görüşməyib və onunla hər hansı əlaqə saxlamayıb. Bu barədə Dalai Lamanın rəsmi saytında məlumat verilib.
“Epşteyn işi ilə bağlı KİV-də və sosial şəbəkələrdə yayılan bəzi son materiallarda onun müqəddəsliyi Dalai Lamanı Ceffri Epşteynlə əlaqələndirməyə cəhdlər edilir. Qəti şəkildə təsdiq edə bilərik ki, onun müqəddəsliyi Epşteynlə heç vaxt görüşməyib və onun adından hər hansı görüşə icazə verməyib,” — deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, bu açıqlama mediada Dalai Lamanın adının ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn fayllarında təxminən 169 dəfə yer alması ilə bağlı xəbərlərdən sonra verilib. Bununla belə, istintaq materiallarında hər hansı real görüşün baş tutduğunu təsdiqləyən dəlil yoxdur, baxmayaraq ki, milyarderin belə bir görüşü təşkil etməyə cəhd göstərdiyi iddia olunur.

