Fars agentliyi xəbər verir ki, İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məhəlləsinə endirilən hava zərbəsi nəticəsində azı 6 mülki şəxs həyatını itirib. Bu barədə Qum əyaləti qubernatorunun nümayəndəsi məlumat verib.
“Qumda yaşayış məhəlləsinə zərbə nəticəsində azı altı nəfər həyatını itirib”
Onun sözlərinə görə, bombardmanın hədəfi olan Pardisan məhəlləsində üç yaşayış binası ciddi dağıntıya məruz qalıb. Yaralıların sayı ilə bağlı hazırda dəqiq məlumat yoxdur.
Bununla yanaşı, İranın şimal-qərbində yerləşən Urmiya şəhərində gecə saatlarında həyata keçirilən bombardman nəticəsində də ölən və yaralananlar var. Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər buraxıb və Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücum edib.
Baş verən hadisələr fonunda regionun bir sıra ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Eyni gün zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei öldürülüb.
Daha sonra məlum olub ki, ABŞ İrana Yaxın Şərqdəki münaqişənin dayandırılması ilə bağlı 15 maddədən ibarət plan təqdim edib.

