İranın Xomeyn şəhərində yerləşən məktəbə raket zərbəsi endirilib. Bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, Doktor Hafezi adına məktəb “sionist rejim” tərəfindən hücuma məruz qalıb.
“Bir saat əvvəl Xomeyn şəhərində yerləşən Doktor Hafezi məktəbi sionist rejim tərəfindən düşmən hücumuna məruz qalıb”, — deyə məlumatda bildirilib.
Bildirilir ki, zərbə nəticəsində məktəbin ətrafında yerləşən bir neçə yaşayış evi də zədələnib. Hadisə ilə bağlı xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 28 fevral tarixində Hörmüzqan vilayətinin Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəb də raket zərbəsinə məruz qalmışdı.
İran Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ və İsrailin zərbələri nəticəsində iki gün ərzində azı 175 müəllim və şagird həyatını itirib.

