Qara dənizdə neft tankeri Alturaya edilən zərbə fonunda Türkiyə Ukraynaya hərbi deyil, diplomatik yollarla cavab verəcək. Bu barədə türk politoloq Həsən Selim Özertem açıqlama verib.
Onun sözlərinə görə, hadisə birbaşa Türkiyənin hərbi-dəniz qüvvələrini hədəf almadığı üçün Ankara hərbi variantları gündəmə gətirmir.
“Bu hücumlar açıq şəkildə Türkiyə donanmasına yönəlməyib (...) Buna görə də Türkiyənin hərbi variantları nəzərdən keçirməsi ehtimalı azdır. Lakin Ankara belə eskalasiyanın son dərəcə təhlükəli olduğunu və Qara dənizdə təhlükəsizlik dinamikasını pozduğunu açıq şəkildə bildirir.”
Politoloq əlavə edib ki, hazırda Türkiyə üçün əsas prioritet gərginliyin daha da böyüməsinin qarşısını almaqdır və bu mərhələdə diplomatik təzyiq kifayət hesab olunur.
Eyni zamanda, Özertem vurğulayıb ki, bu addım Türkiyənin suverenliyinə dolayı zərbə kimi qiymətləndirilir və ölkənin enerji təhlükəsizliyini risk altına qoyur.
“Bu, təhlükəli bir oyundur — çünki bu cür addımlar Türkiyənin enerji təhlükəsizliyini sarsıdır.”

