İsrail ABŞ-ın vasitəçiliyi ilə yaxın günlərdə Livanın cənubunda İsrail hərbçiləri tərəfindən yaradılmış “təhlükəsizlik zonası”nın bir hissəsini Beyrutun nəzarətinə verməyi planlaşdırır.
Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, sözügedən ərazinin Livan ordusunun nəzarətinə qaytarılması nəzərdə tutulur. Məlumatda İsrailin Livan tərəfinə qaytarmağa hazır olduğu zonanın ölçüsü açıqlanmır.
CNN-in ABŞ administrasiyasındakı həmsöhbətinin sözlərinə görə, Livana qaytarılması nəzərdə tutulan digər belə “pilot zonalar” üzərində də iş davam edir.
“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı prosesi irəli aparmaq üçün hər iki ölkə ilə koordinasiyanı davam etdirir”, - mənbə bildirib.
İsrail və Livan iyunun 26-da Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə çərçivə sazişi imzalayıb. Sənəd hərbi əməliyyatların dayandırılmasına yönəlib. Razılaşmaya əsasən, “Hizbullah” tərksilah edildikdən sonra İsrail hərbçiləri Livanın cənubunda yaratdıqları təhlükəsizlik zonasını tərk etməlidir.
Son aylarda Livandakı qarşıdurma əsasən İsrail və “Hizbullah” arasında baş verib. Livan ordusu bu döyüşlərdə iştirak etməyib.
Bununla belə, “Hizbullah” liderləri İsrail və Livan arasında imzalanmış sazişdə əksini tapan tələbləri yerinə yetirməyə hazır olduqlarını bildirməyiblər.

