İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə ABŞ və Livan ilə əldə olunmuş razılaşmalar çərçivəsində, atəşkəsə baxmayaraq, Livanın şimalında yaranan təhdidlərə qarşı tədbir görmək hüququna malikdir.
Onun sözlərini hökumətin mətbuat xidməti yayıb.
“Biz həm təhlükəsizlik zonasına daxil olan ərazilərdə, həm də onun şimalında və Litani çayının o tayında zərbələr endiririk. Yaranan təhdidlərə qarşı fəaliyyət azadlığımız var; bu, ABŞ və Livan hakimiyyəti ilə bağladığımız razılaşmanın bir hissəsidir”, — deyə Benyamin Netanyahu bildirib.
Baş nazir həmçinin İsrail ordusunun Livanda əldə etdiyi nəticələrdən danışaraq, çoxsaylı raket qurğularının məhv edildiyini və ölkənin şimalına hücumların qarşısını alan təhlükəsizlik zonasının yaradıldığını qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, “Hizbullah”dan gələn təhdid hələ də qalır. Onun sözlərinə görə, hazırda əsas təhlükəni raketlər və pilotsuz uçuş aparatları təşkil edir. Buna görə də İsrail bu qruplaşmanın silahsızlaşdırılmasına çalışır.
Qeyd edək ki, 17 aprel tarixində Livan və İsrail arasında 10 günlük atəşkəs razılaşdırılıb. Bununla belə, Livan ordusu münaqişədə iştirak etməyib, döyüşlər əsasən “Hizbullah” hərəkatı tərəfindən aparılıb və o, atəşkəs razılaşmasının tərəfi deyil.
Hazırda isə İsrail ordusu və “Hizbullah” qarşılıqlı zərbələri yenidən bərpa edib.

