İranın yüksək manevr qabiliyyətinə və daha dəqiq hədəfləmə imkanlarına malik yeni nəsil raketlərinin Yaxın Şərqdəki ABŞ hava hücumundan müdafiə sistemlərini çətin vəziyyətə saldığı iddia olunur.
The Wall Street Journal ABŞ rəsmilərinə istinadən yazıb ki, Tehran hazırladığı yeni texnologiyalar vasitəsilə Amerika müdafiə sistemlərinə uyğunlaşmağı və onların imkanlarından yayınmağı bacarıb.
ABŞ rəsmiləri İranın hədəfləmə dəqiqliyində müşahidə edilən artımın arxasında Çin və ya Rusiyanın texniki dəstəyinin ola biləcəyini ehtimal edirlər. Lakin bu iddianı təsdiqləyən açıq və konkret sübutun hələlik təqdim olunmadığı bildirilir.
İran tərəfi isə yeni raket və pilotsuz uçuş aparatı sistemlərindən istifadə nəticəsində ABŞ hərbi bazalarına hücumların dəqiqliyinin artdığını açıqlayıb.
İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanının media məsələləri üzrə müşaviri Həmid Rza Müqəddəmfər son əməliyyatlar zamanı raket və PUA-ların əvvəlki dövrlə müqayisədə daha yüksək dəqiqlik göstərdiyini iddia edib. Onun sözlərinə görə, yeni hücum üsulları qarşı tərəfi hazırlıqsız yaxalayıb.
Məlumata görə, İranın son hücumlarında İordaniya və Suriyadakı ABŞ hərbi obyektləri hədəfə alınıb. Bölgədə hərbi itkilərin qeydə alınması ilə gərginliyin daha da yüksəldiyi bildirilir.

