Rusiyanın İrana səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə kömək etdiyi iddia olunur.
Bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşrin yazdığına görə, rusiyalı mütəxəssislər İranın Yaxın Şərqdə ABŞ aviadaşıyıcıları və digər hərbi gəmiləri üçün təhlükə yarada biləcək “yeni silah sinfi” hazırlamasına kömək etmək məqsədilə prosesə cəlb olunublar.
FT bildirir ki, “gizli proqram”ın əsas məqsədi Tehrana birbaşa axınlı hava-reaktiv mühərrikin (ramjet) hazırlanmasında yardım etmək olub. Belə mühərrik qanadlı raketin səs sürətini bir neçə dəfə üstələyən sürəti uçuş zamanı qoruyub saxlamasına imkan verir.
Raket texnologiyaları və hərbi texnika üzrə mütəxəssislər hesab edirlər ki, bu texnologiya gəmi əleyhinə və yerüstü hədəflərə qarşı qanadlı raketlər üçün nəzərdə tutula bilər.
İran raketləri üzrə ekspert və analitik Fabian Hinz məsələni belə şərh edib:
“Bu, Rusiyadan iranlıların onilliklər ərzində əldə etmək istədikləri strateji əhəmiyyətli hərbi texnologiyanın ötürülməsidir”.
“Financial Times”ın məlumatına görə, proqramın 2023-cü ildə başladığı və ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasına qədər davam etdiyi iddia olunur.
Nəşr həmçinin İranın birbaşa axınlı hava-reaktiv mühərrik hazırladığını və sınaqdan keçirdiyini, lakin bu texnologiyaya malik raketin hazırda Tehranın silahlanmasında olduğunu təsdiqləyən heç bir sübutun olmadığını qeyd edib.

