Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Denmedia.az xəbər verir ki, “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan tədbirdə 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Forumun açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.
Tədbirdə çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib.
Bildirilib ki, 600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirak etdiyi forum qlobal təhlükəsizlik çağırışlarının müzakirəsi, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həll yollarının axtarılması baxımından mühüm dialoq platformasıdır.
Müzakirələrdə beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklərə, terrorçuluq, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlıq kimi təhdidlərə diqqət yetirilib.
Transsərhəd təhlükələrlə mübarizədə ölkələr arasında etibarlı tərəfdaşlığın və birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, müasir dövrdə təhlükəsizlik yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Enerji, nəqliyyat, bank sistemi, su ehtiyatları, rabitə və informasiya məkanının təhlükəsizliyi də dövlət xidmətlərinin dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Forumda süni intellekt, kibertəhlükəsizlik və kosmik sistemlər sahəsində qlobal rəqabətin güclənməsi, silahlanma xərclərinin artması və regional münaqişələrin enerji və ərzaq təhlükəsizliyinə təsirləri də müzakirə olunub.
Dünyanın istənilən regionunda baş verən böhranların qısa müddətdə qlobal təhlükəyə çevrilə biləcəyi qeyd edilərək, təhlükələrin qarşılıqlı əlaqədə qiymətləndirilməsinin və dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

