Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu işə başlayıb.
Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə təşkil olunub.
Forumun əsas məqsədi milli kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsidir.
Tədbirdə aparıcı beynəlxalq ekspertlər, iri IT və texnologiya şirkətlərinin nümayəndələri iştirak edirlər.
Forumun diqqət mərkəzində rəqəmsal transformasiya şəraitində yaranan yeni kibertəhdidlərə qarşı mübarizə, süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsinə təsiri, kritik infrastrukturun qorunması, kibermüdafiəyə müasir yanaşmalar və regional əməkdaşlıq perspektivləri dayanır.
Panel müzakirələri və təqdimatlar çərçivəsində iştirakçılar kiberməkanda mövcud aktual riskləri, innovativ həlləri, müasir texnologiyaları, qlobal trendləri və uğurlu beynəlxalq təcrübələri müzakirə edəcəklər.
Forumda ayrıca sessiya milli kibertəhlükəsizlik ekosisteminə həsr olunacaq. Profil dövlət qurumlarının nümayəndələri qurumlararası koordinasiya, kibercinayətkarlıqla mübarizə və rəqəmsal mühitin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzərdən keçirəcəklər.
Bundan başqa, beynəlxalq vendorlarla əməkdaşlığın inkişafı üzrə yeni addımların təqdim olunması planlaşdırılır. Huawei şirkətinin nümayəndəsinə isə Məşvərət Şurasının sertifikatı təqdim ediləcək.
Forum iştirakçıları üçün sərgi zonası da təşkil olunub. Burada Azərbaycan və xarici şirkətlər kibertəhlükəsizlik sahəsində məhsullarını, xidmətlərini, texnoloji həllərini və startap layihələrini nümayiş etdirirlər.
Gözlənilir ki, forum rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi üçün mühüm platformaya çevriləcək. (azərtac)

