Azərbaycanın Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) onlayn dələduzluq və rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq “Global Anti-Scam Alliance” (GASA) təşkilatına üzv olub.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, GASA-ya üzvlük Azərbaycanın onlayn dələduzluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığını genişləndirməyə, qabaqcıl təcrübələri öyrənməyə və tətbiq etməyə yeni imkanlar yaradacaq.
Üzvlük çərçivəsində agentlik onlayn dələduzluğun qlobal tendensiyaları, yeni kiberhücum üsulları, süni intellektə əsaslanan dələduzluq sxemləri, sosial mühəndislik taktikaları və maliyyə fırıldaqçılığı mexanizmləri ilə bağlı araşdırma və analitik materiallara çıxış əldə edəcək.
Bununla yanaşı, MKA beynəlxalq təşkilatın işçi qruplarında iştirak etmək imkanı qazanacaq.
Bu əməkdaşlıq onlayn dələduzluğun qarşısının alınması, məlumat mübadiləsi, cinayətlərin araşdırılması və maliyyə fırıldaqçılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə şərait yaradacaq.
Agentlik həmçinin GASA-nın birgə təşəbbüslərində iştirak edərək Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi təcrübəni beynəlxalq müstəvidə təqdim edə biləcək.

