Avropa Komissiyası gənclərin internetdə qorunması məqsədilə kiberzorakılığa qarşı fəaliyyət planını təqdim edib.
Avropa Komissiyası (AK) Strasburqda gəncləri internet mühitində kiberzorakılıqdan qorumağa yönəlmiş yeni fəaliyyət planını açıqlayıb.
AK-nın icraçı vitse-prezidenti Hennа Virkkunen bildirib ki, uşaqlar və gənclər internetdə təhlükəsizliyə tam hüquqludur. Onun sözlərinə görə, kiberzorakılıq bu hüququ pozur, gənclərdə psixoloji ağrı, tənhalıq və alçaldılma hissi yaradır.
“Uşaqlar və gənclər internetdə təhlükəsiz olmalıdır. Kiberbulinq onların psixoloji vəziyyətinə ciddi zərər vurur. Təqdim etdiyimiz fəaliyyət planı yetkinlik yaşına çatmayanların onlayn mühitdə qorunması üçün mövcud mexanizmləri tamamlayır və Avropa İttifaqı ilə üzv dövlətləri kiberzorakılığa qarşı bütün səviyyələrdə əlaqələndirilmiş yanaşma tətbiq etməyə çağırır”, – deyə Virkkunen vurğulayıb.
Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunur ki, fəaliyyət planı bir neçə əsas istiqaməti əhatə edir. Bunlara onlayn zorakılığın qurbanları üçün asan çıxış imkanı olan ümumavropa tətbiqinin yaradılması, üzv ölkələr arasında milli yanaşmaların əlaqələndirilməsi, eləcə də daha təhlükəsiz və məsuliyyətli rəqəmsal davranışların təşviqi yolu ilə kiberzorakılığın qarşısının alınması daxildir.
Qeyd olunub ki, planın məqsədi gənclər üçün daha təhlükəsiz onlayn mühit formalaşdırmaq və internetdə zərərli davranışlara qarşı mübarizəni gücləndirməkdir.

