Ayıların insanlara hücumlarının mistika ilə deyil, insan fəaliyyəti ilə bağlı olduğu bildirilib.
Bu barədə şor şamanı və ovçu İqor İdimeşev TASS-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, insanlar təbiətdəki tarazlığı pozublar. İdimeşev bildirib ki, ayıların yaşayış və qidalanma mühiti dəyişib, yem bazası azalıb və bu səbəbdən heyvanlar insanların yaşadığı ərazilərə yaxınlaşmağa başlayıblar.
Şaman Kuzbassda ayıların yaşayış məntəqələrinə çıxması hallarının artması ilə əlaqədar xüsusi ayin də keçirdiyini bildirib.
“Ruhlar dedilər ki, bunun səbəbi tamamilə insan faktorudur: ‘Bunu ruhlarla əlaqələndirmə! Axtarma!’ Bunun günahı insanlardadır”, – deyə İdimeşev bildirib.
Məlumata görə, avqustun əvvəlindən etibarən Rusiyanın doqquz regionunda ayıların insanlara hücum etməsi halları qeydə alınıb.
Belə hadisələr Altay və Buryatiya respublikalarında, Krasnoyarsk və Kamçatka diyarlarında, həmçinin Kemerovo, Amur, İrkutsk, Tomsk və Novqorod vilayətlərində baş verib.
Ümumilikdə, bu il Rusiyada ayıların insanlara hücumu ilə bağlı təxminən 20 hadisə qeydə alınıb.

