ABŞ-nin qərbində bir sıra ştatlarda ayıların şəhərlərə və yaşayış məntəqələrinə daxil olması rekord səviyyəyə çatıb. Reuters-in məlumatına görə, xüsusilə Kolorado, Nyu-Meksiko və Yutada vəziyyət ciddi olaraq qiymətləndirilir.
Ayılar yemək axtarışında yaşayış evlərinə, mağazalara və digər insan məskənlərinə daxil olur. Koloradoda 2026-cı ildə artıq 7 mindən çox ayı müşahidəsi qeydə alınıb ki, bu da əvvəlki illik rekorddan yüksəkdir.
Mütəxəssislər problemin əsas səbəblərindən biri kimi quraqlığı və ayıların təbii qida mənbələrinin – bitkilər, giləmeyvə və qoz-fındığın azalmasını göstərirlər. Yemək çatışmazlığı heyvanları insan məskənlərinə daha çox yaxınlaşdırır.
Nevadadan ayılar üzrə mütəxəssis Heather Reich isə qarşıdakı aylarda vəziyyətin daha da ağırlaşa biləcəyini bildirib:
“Sentyabr və oktyabrda bizi nələrin gözlədiyini təsəvvür belə edə bilmirik. Bizim üçün bu, əsl Armageddon olacaq.”
Ekspertlərin fikrincə, ayılar qış yuxusundan əvvəl daha intensiv şəkildə çəki toplamağa başladığı üçün yaxın aylarda insanlarla qarşılaşmaların sayı arta bilər. Rəsmilər sakinləri zibil və qida məhsullarını ayıların çata bilməyəcəyi şəkildə saxlamağa çağırırlar.

