Fransadakı Paster İnstitutunun Tənəffüs Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri Mari-Ann Ramey-Velti xəbərdarlıq edib ki, quş qripinin H5 ştammı COVID-19-dan daha təhlükəli qlobal pandemiyaya səbəb ola bilər. Bu barədə DenMedia.az Reuters-ə istinadən xəbər verir.
Alimin sözlərinə görə, yüksək patogenliyə malik H5 ştammı son illərdə yüz milyonlarla quşun kütləvi məhv edilməsinə, ərzaq tədarük zəncirlərinin pozulmasına və qiymət artımına gətirib çıxarıb. İnsana yoluxma halları nadir olsa da, əsas təhlükə virusun məməlilərə və insanlara uyğunlaşması və insandan insana keçməyə başlamasıdır.
“Əgər H5 virusu insanlar arasında ötürülməyə uyğunlaşsa, bu, pandemiyaya çevrilə bilər”, — deyə Ramey-Velti bildirib.
O vurğulayıb ki, insanların H5 virusuna qarşı hazırda heç bir anticismi yoxdur — tıpkı COVID-19 pandemiyasının əvvəlində olduğu kimi. Üstəlik, qrip virusları yalnız həssas qrupları deyil, tamamilə sağlam insanları və uşaqları da ağır zədələyə bilir.
Alim hesab edir ki, quş qripi pandemiyası COVID-19-dan da ağır ola bilər.
Artıq H5N1-in insanlara yoluxma halları qeydə alınıb. ABŞ-da ev quşlarında və iri buynuzlu heyvanlarda H5N1 aşkarlanıb. Bu ilin noyabrında Vaşinqton ştatında ilk dəfə H5N5 ştammı ilə insan yoluxması təsdiqlənib və xəstə xilas edilməyib.
Ramey-Velti əlavə edib ki, əgər virus mutasiya edib insanlar arasında ötürülməyə başlayarsa, dünya bu dəfə daha hazırlıqlı olacaq — hazırda vaksin namizədləri, antiviral ehtiyatlar və sürətli istehsal imkanları mövcuddur.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının elmi şöbə rəhbəri Qreqorio Torres isə bildirib ki, insanlar arasında qlobal pandemiya riski hələ də aşağıdır.
“Həyəcanlanmağa səbəb yoxdur. İnsanlar açıq havaya çıxmaqdan, toyuq əti və yumurta yeməkdən çəkinməməlidir”, — deyə Torres vurğulayıb.

