BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-a gələn İran nümayəndə heyəti sentyabrın 28-də Nyu-Yorku tərk edib. İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, heyətin gedişi əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun baş tutub. Tehran həmçinin ABŞ Dövlət Departamentini danışıqlarda nəticə əldə edə bilmədikdən sonra “əsassız xəbərlər yaymaqda” ittiham edib.
Bununla belə, Axios ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ dövlət katibi Marko Rubio sentyabrın 28-də İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətindən ölkəni dərhal tərk etməyi tələb edib. Nəşrin məlumatına görə, Vaşinqton və Tehran arasında aparılan danışıqlar günün sonuna doğru dalana dirəndikdən sonra ABŞ-ın BMT-dəki nümayəndəliyi bu tələbi İran tərəfinə çatdırıb.
Axios-un mənbələri eyni zamanda bildiriblər ki, Əraqçi onsuz da həmin gecə İrana qayıtmağı planlaşdırırdı. İran tərəfi isə nümayəndə heyətinin gedişinin əvvəlcədən razılaşdırıldığını və bunun ABŞ Dövlət Departamentinə daha öncə bildirildiyini vurğulayır.
Məsələ ABŞ–İran danışıqlarının gərgin fonunda baş verir. Donald Tramp sentyabrın 30-da bildirib ki, Vaşinqton yaxın zamanda İrana qarşı zərbələri yenidən başlatmaq, yoxsa Tehranla razılaşma əldə etmək barədə qərar verməli olacaq.

