İsrail Dubaydan Təl-Əvivə uçan Flydubai aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş verən hadisə ilə bağlı əvvəlcədən heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almayıb.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib.
Netanyahu qeyd edib ki, İsrail hadisəni törətməkdə şübhəli bilinən ikinci pilotun dindirilməsində iştirak etməyi planlaşdırır.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsi əvvəlcə fövqəladə vəziyyət barədə qısa siqnal, daha sonra isə təyyarənin qaçırılmasını bildirən xüsusi kod göndərib.
İlkin məlumatlara görə, ikinci pilot təyyarə komandirinə bıçaqla hücum edib, daha sonra isə hava gəmisini qəzaya uğratmağa cəhd göstərib.
Hücum nəticəsində yaralanan təyyarə komandirinin Hindistan vətəndaşı olduğu müəyyən edilib. Sərnişinlərin və ekipaj üzvlərinin müdaxiləsi nəticəsində hücum edən şəxs zərərsizləşdirilib.
Təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edib. Daha sonra hadisə yerinə göndərilən başqa bir təyyarə sərnişinləri həmin gün axşam saatlarında Təl-Əvivə çatdırıb.
Hadisənin səbəbləri və hücumun motivləri ilə bağlı araşdırma davam edir.

