Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən ciddi insidentdən sonra hadisə ilə bağlı yeni görüntülər yayılıb.
İsrail mediasının məlumatına görə, uçuş zamanı pilotlar arasında başlayan qarşıdurma fiziki münaqişəyə çevrilib. Son məlumatlarda ikinci pilotun kapitana bıçaqla hücum etdiyi bildirilir. Reuters-ə danışan üç İsrail rəsmisi də ikinci pilotun kapitanı bıçaqladığının ehtimal edildiyini bildirib. Hadisənin mümkün terror aktı kimi araşdırıldığı qeyd olunur.
Təyyarədə olan sərnişinlər kokpitdən qışqırıq səsləri eşitdiklərini, qapı açıldıqdan sonra isə içəridə qan gördüklərini bildiriblər. “Associated Press” sosial şəbəkələrdə yayılan görüntüləri nəzərdən keçirib və videolarda təyyarənin döşəməsində qanlı yaraları olan iki kişinin göründüyünü yazıb.
İlkin məlumatlara görə, hadisə böyüdükdən sonra kabin heyəti kokpitə daxil olaraq vəziyyətə müdaxilə edib. Reuters-in məlumatına əsasən, ekipaj üzvləri təyyarənin idarəsini nəzarətə götürüblər. Hər iki pilot yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı “Boeing 737” təyyarəsi kəskin şəkildə hündürlük itirib. “Flightradar24” məlumatlarına görə, təyyarə 30 saniyədən az müddətdə təxminən 14 min fut aşağı enib.
Təyyarədən əvvəl 7700 — ümumi fövqəladə vəziyyət siqnalı, daha sonra isə 7500 — qanunsuz müdaxilə və mümkün təyyarə qaçırılması zamanı istifadə olunan kod ötürülüb. Bu vəziyyət İsraildə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub və döyüş təyyarələri havaya qaldırılıb.
Hadisədən sonra FZ1073 reysini həyata keçirən təyyarə istiqamətini dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təcili eniş edib.
“Flydubai” təyyarənin təhlükəsiz şəkildə endiyini və bütün sərnişinlərin təhlükəsiz olduğunu açıqlayıb. Aviaşirkət hadisənin araşdırılması üçün aidiyyəti qurumlarla əməkdaşlıq etdiyini bildirib.
Hadisənin dəqiq səbəbi və pilotlar arasındakı qarşıdurmanın motivi ilə bağlı araşdırma davam edir.





