Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda hicabın qadağan edilməsi və müsəlmanların sıxışdırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
O, Real TV-yə müsahibəsində deyib ki, ölkə daxilində və xaricində bəzi qüvvələr məktəblərdə vahid geyim forması məsələsini siyasiləşdirməyə çalışırlar.
Paşazadənin sözlərinə görə, vahid məktəbli forması ilə bağlı qərardan siyasi məqsədlərlə istifadə etmək, dövlət əleyhinə çağırışlar səsləndirmək və insanları qarşıdurmaya yönəltmək qəbuledilməzdir.
Şeyxülislam bildirib ki, Azərbaycanda hicab qadağan olunmayıb və dini təhsil müəssisələrində qızlar hicabla təhsil ala bilirlər. Dövlət ümumi təhsil müəssisələrində isə vahid geyim forması ilə bağlı müəyyən edilmiş qaydalar tətbiq olunur.
Paşazadə baş verənlərin böyük ölçüdə xarici təsirlərin nəticəsi olduğunu düşündüyünü deyərək, həmin qüvvələrin məqsədinin İslamı və müsəlmanların hüquqlarını müdafiə etmək olmadığını bildirib.
“Bu gün onlar biz müsəlmanlara yol göstərməməlidirlər. İğtişaşa və məktəbə getməməyə çağırmaq çox böyük günahdır”, – deyə Allahşükür Paşazadə vurğulayıb.

