ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması məqsədilə vasitəçilər üzərindən aparılan danışıqlarda İran tərəfini kimin təmsil etdiyini bilmədiyini açıqlayıb.
Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Tramp Montana ştatında çıxışı zamanı İran rəhbərliyi ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkib.
“Onların rəhbərləri yoxdur. Yəqin ki, rəhbərlərini sağ saxlamalı idim. Çünki, lənət olsun, kiminlə danışıqlar apardığımız barədə heç bir təsəvvürüm yoxdur”, – deyə ABŞ lideri bildirib.
Tramp həmçinin ABŞ-nin hərbi zərbələri nəticəsində İranın hərbi imkanlarına ciddi zərər dəydiyini iddia edib.
Onun sözlərinə görə, İran hərbi donanmasını və Hərbi Hava Qüvvələrini itirib, ordusu isə tamamilə məhv edilib.
Qeyd edək ki, ABŞ Prezidentinin İranın hərbi qüvvələrinin tamamilə məhv edilməsi barədə açıqlaması müstəqil şəkildə təsdiqlənməyib.

