ABŞ vasitəçi ölkə üzərindən İrana Yaxın Şərqdə 2 gün müddətinə atəşkəs təklif edib. Bu barədə Fars agentliyi mənbəyə istinadən məlumat yayıb. Lakin Tehran təşəbbüsü rədd etməklə yanaşı, zərbələrin intensivliyini artırıb.
Mənbənin məlumatına görə, atəşkəs təklifi 2 aprel tarixində ABŞ Silahlı Qüvvələrinin İranın hərbi potensialını düzgün qiymətləndirməməsi nəticəsində yaranan ciddi problemlər fonunda irəli sürülüb. Ağ Evin rəhbəri Donald Tramp isə bildirmişdi ki, Vaşinqton guya İranın “yeni, daha məntiqli” hakimiyyəti ilə danışıqlar aparır.
“ABŞ 2 apreldə vasitəçi ölkə üzərindən İrana 2 günlük atəşkəs təklif edib, Tehran isə buna cavab olaraq hücumların intensivliyini artırıb,” — deyə Fars yazıb.
İran Xarici İşlər Nazirliyi Donald Trampın bəyanatlarını dəfələrlə təkzib edib və Vaşinqtonun təkliflərini “məntiqsiz” və “həddindən artıq sərt” adlandırıb.
Tehran bildirib ki, vasitəçilər vasitəsilə bir neçə təklif alıb, lakin onların heç biri İran tərəfini qane etməyib.

