ABŞ və İsrailin noyabrda keçiriləcək Amerika aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi hücumlar üçün konkret planlar hazırladığı iddia olunur.
Bu barədə “The New York Times” (NYT) nəşri adları açıqlanmayan amerikalı rəsmilərə və danışıqlar barədə məlumatlı digər mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ və İsrail orduları İrana qarşı mümkün yeni hücumlara hazırlığı gücləndiriblər.
Amerikalı rəsmilər ABŞ-nin müdafiə naziri Pit Heqsetin bu həftə İsraildə Baş nazir Benyamin Netanyahu ilə görüşərək yeni hərbi əməliyyatları müzakirə etdiyini bildiriblər.
Mənbələr ABŞ Prezidenti Donald Trampın hücum barədə qərar verə biləcəyini istisna etməyiblər.
Ağ Ev rəsmilərindən biri isə Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.
Bəzi rəsmilərin sözlərinə görə, neft qiymətlərinin daha da yüksəlməsinin qarşısını almaq məqsədilə mümkün hücumlarda neft emalı zavodlarının və enerji infrastrukturunun hədəf alınmaması variantı da müzakirə olunur.
Danışıqlar barədə məlumatlı ABŞ və İsrail müdafiə rəsmiləri bu ayın əvvəlində iki ölkənin İrana qarşı hərbi əməliyyata başlamağa çox yaxın olduğunu, lakin Trampın son anda hücumu təxirə saldığını iddia ediblər.
Adının açıqlanmasını istəməyən hərbi komandirlərdən biri bildirib ki, hücum planlarının dəfələrlə dəyişdirilməsi hərbi planlaşdırma ilə məşğul olan şəxslər arasında qeyri-müəyyənlik yaradıb.

