İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında səsləndirdiyi təhdidlərdən sonra Vaşinqtonu İrana qarşı yeni hərbi hücumlardan çəkinməyə çağırıb.
Press TV xəbər verir ki, SEPAH-ın nümayəndəsi Hüseyn Mohebbi ABŞ-ın mümkün hərbi əməliyyatlarının uğursuzluqla nəticələnəcəyini bildirib.
“Tramp unudur ki, əvvəllər də təhdidlər səsləndirib, lakin onları həyata keçirə bilməyib. İndi isə yenidən təhdidlər irəli sürür”, – deyə Mohebbi vurğulayıb.
O, ABŞ-ın İrana qarşı yeni hücumlara əl atacağı təqdirdə heç bir nəticə əldə edə bilməyəcəyini iddia edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı da Vaşinqtona xəbərdarlıq edərək, yeni hücumlara daha sərt, sarsıdıcı və gözlənilməz zərbələrlə cavab veriləcəyini bəyan edib.
Qurumun açıqlamasında ABŞ-ın İrana qarşı əsassız ittiham və təhdidləri təkrarlamasının güc nümayişi kimi qiymətləndirilməməli olduğu vurğulanıb.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə Tehranın ABŞ-ın təzyiqləri qarşısında geri çəkilməyəcəyini və fəaliyyətini dayandırmayacağını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də BMT Baş Assambleyasında çıxışı zamanı İranla bağlı iki seçim qarşısında olduğunu bildirib. O, Tehranla razılaşmanın əldə olunması və ya İranın məhv edilməsi arasında seçim etməli olduğunu söyləyib.
Tramp 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra sülh razılaşmasının əldə oluna biləcəyinə ümid etdiyini vurğulayıb.
“İnanıram ki, seçkilərdən dərhal sonra razılaşma əldə edəcəyik”, – deyə ABŞ lideri bildirib.
O, əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bir daha bəyan edib.

