FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk oyun günündə Hövsan İdman Kompleksini ziyarət edib.
Onu turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və assosiasiyanın nümayəndələri müşayiət ediblər.
Qonaqlar kompleksdə yaradılan şəraitlə tanış olub, turnirin ilk qarşılaşmalarını izləyiblər. Gün ərzində burada 92 oyunun keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 22-dən 30-dək davam edən turnirin ilk oyunları bu gün – oktyabrın 24-də baş tutub.
İlk dəfə təşkil olunan yarışda FIFA-ya üzv 189 assosiasiyadan gənc futbolçular Bakıya toplaşıblar.
Axşam saatlarında “Baku Crystal Hall”da turnirin rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdən sonra Azərbaycan millisi Şərqi Timor yığması ilə qarşılaşacaq.
Turnirin əsas məqsədi yeniyetmə futbolunun inkişafına dəstək vermək və beynəlxalq təcrübə mübadiləsini təşviq etməkdir.

