Missisipi ştatında bir qadın, laboratoriyadan qaçan təhlükəli meymunlardan birini güllələyib.
DenMedia.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
“Missisipidə magistralda yük maşınının aşmasından sonra qaçan meymunlardan biri bazar günü səhər bir qadın tərəfindən vurulub. Qadın bildirib ki, o, uşaqlarının təhlükəsizliyindən narahat olduğu üçün belə edib,” — deyə xəbərdə bildirilir.
Hadisə şahidi Cessika Bond Ferqyusonun sözlərinə görə, onun 16 yaşlı oğlu evin həyətində meymunu görüb.
Qadın qeyd edib ki, heyvanın xəstəlik daşıyıcısı ola biləcəyindən ehtiyatlanaraq silahdan istifadə etməyə qərar verib.
Lakin tədqiqat mərkəzinin nümayəndələri bildirib ki, qaçan meymunlar yeni tibbi yoxlamadan keçib və onlarda heç bir patogen aşkarlanmayıb.
Bundan əvvəl Missisipi polisi ABŞ-da üç qaçan laboratoriya meymununun axtarışlarının davam etdiyini açıqlamışdı.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, heyvanlar təhlükəli xəstəlik daşıyıcısı deyil.
Əvvəlcə polis meymunların hepatit C və koronavirus daşıyıcısı ola biləcəyini bildirmişdi, lakin bu məlumat sonradan təkzib edilib.

