Astanada dörd yaşlı pasiyentin stomatoloq qəbulunda ürəyi dayanandan sonra anestezioloq məhkəmə qarşısına çıxıb.
Bu barədə Qazaxıstanın Orda nəşri yazır.
İstintaqın versiyasına görə, qızcığaza bir dəfəlik 18 dişin müalicəsi lazım olub və bunun üçün ona ümumi narkoz verilib. Nəticədə uşağın vəziyyəti pisləşib. Pasiyenti reanimasiya etməyə çalışıblar, lakin bu, nəticə verməyib. Sonradan müəyyən edilib ki, uşaq həkimə müraciətdən bir müddət əvvəl pnevmoniya keçirib. O, xəstəlikdən tam sağalmayıb, ağciyər funksiyası tam bərpa olunmayıb. Preparatın vurulması oksigen çatışmazlığına səbəb ola bilərdi.
Mərhumun atası iddia edir ki, bir neçə dişin deyil, bu qədər çox dişin birdəfəlik müalicə olunması barədə qərarı anestezioloq və stomatoloq birlikdə veriblər. Qeyd olunur ki, ilkin müraciət zamanı söhbət cəmi 9–11 dişdən gedirdi.

