O, 6-cı sinif şagirdi idi — arzuları, planları, sabaha dair ümidləri olan bir uşaq…
Abşeron rayonun Saray qəsəbəsində hər kəsi sarsıdan ağır hadisə baş verib. 11 yaşlı Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. O, 3 nömrəli tam orta məktəbin əlaçı şagirdlərindən biri olub.
Mərhumun yaxınlarının Denmedia.az-a verdiyi məlumata görə, hadisə evdə istifadə olunan iran peçi səbəbindən baş verib.
İlkin məlumata görə, Tahir evdə olarkən dəm qazının təsirinə məruz qalıb. Oğlunun vəziyyətini görən ana onu xilas etmək üçün dərhal müdaxilə edib. Lakin bu fədakarlıq bir ananın ən ağır sınağına çevrilib — ana da dəm qazından zəhərlənib.
Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, Tahir dünyasını dəyişib. Anası isə hazırda xəstəxanadadır, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faciənin ən ağrılı məqamlarından biri isə odur ki, ana hələ də oğlunun vəfat etdiyindən xəbərsizdir.
Məlumat üçün bildirək ki, Tahir ailənin tək övladı olub. Onun itkisi yalnız ailə üçün deyil, məktəbi, müəllimləri və sinif yoldaşları üçün də böyük sarsıntıdır. Dərsə gedən, gələcək üçün xəyallar quran bir uşağın həyatı bir anda yarımçıq qalıb.
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
NİZAMİ RƏSULOV
Denmedia.az

