Abşeronda 7 yaşlı şagird məktəbin həyətində faciəvi şəkildə həyatını itirib. Masazır kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 1-ci sinif şagirdi, Emin Həmidov dərsdən çıxdıqdan sonra qəfil halının pisləşməsi nəticəsində dünyasını dəyişib.
Bu barədə DenMedia.az-a hadisə şahidləri məlumat verib.
Bildirilib ki, saat 11:30 radələrində dərsdən çıxan şagird məktəbin qarşısında yıxılıb. Hadisə anı müəllim və şagirdlərin gözləri qarşısında baş verib. 7 yaşlı Emin Həmidovun əmisi oğlu hadisəni görən ki, ona yaxınlaşıb . Məlum olub ki, şagirdin artıq nəfəsi belə gəlmir. Ailə üzvləri tərəfindən dərhal yaxınlıqdakı tibb müəssisəsinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi rəsmi açıqlama yayıb.
“Təəssüf hissi ilə bildiririk ki, 27 noyabr 2025-ci il tarixində Masazır kəndi Əliağa Vahid adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 1-ci sinif şagirdi dünyasını dəyişib. Qeyd edirik ki, məktəbli saat 11:30 radələrində dərsdən çıxıb evə gedərkən təhsil müəssisəsinin həyətində qəfildən halı pisləşib. Məsələ ilə bağlı dərhal dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib. Şagird qohumu tərəfindən tibb müəssisəsinə aparılıb. Bir müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır. Şagirdimizin vəfatı ilə bağlı dərin təəssüf hissimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk. Araşdırma prosesi davam etdiyindən ictimaiyyətdən paylaşımlarda yalnız rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.”
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 27.11.2025-ci il tarixində saat 11:12-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Masazır ərazisindən şəxsin ürəyinin getməsi səbəbilə çağırış daxil olub.
Saat 11:19-da çağırış ünvanına təcili tibbi yardım briqadası çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 2018-ci il təvvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

