Meksikada ölkənin ən böyük narkokartellərindən biri olan CJNGnin liderinin zərərsizləşdirilməsi xəbərlərindən sonra kütləvi iğtişaşlar başlayıb, Milenio yazır.
Fevralın 22-də Meksika silahlı qüvvələri Qərbi Xalisko ştatında xüsusi əməliyyat keçirib. Rəsmi açıqlamaya görə, əməliyyat zamanı hərbçilərə atəş açılıb və qarşıdurma nəticəsində dörd kartel üzvü yerindəcə məhv edilib, üç nəfər isə ağır yaralanaraq hava yolu ilə Mexikoya aparılarkən ölüb. Ölənlər arasında “El Menço” ləqəbli Ruben N. də olub.
“Hərbçilər hücuma məruz qalıb və öz həyatlarını qoruyaraq cavab atəşi açıb.”
“El Menço” beynəlxalq axtarışda idi. ABŞ hakimiyyəti ona qarşı narkotik qaçaqmalçılığı ittihamları irəli sürmüş, Dövlət Departamenti isə onun saxlanmasına aparacaq məlumat üçün 15 milyon dollaradək mükafat vəd etmişdi.
Əməliyyatdan sonra Xalisko və ətraf bölgələrdə silahlı toqquşmalar, yolların bağlanması və nəqliyyat vasitələrinin yandırılması barədə məlumatlar yayılıb. Yerli təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürməyə çalışır.
Hadisələrin hansı regionlarda intensivləşdiyi və xarici vətəndaşların, o cümlədən Rusiyadan olan turistlərin təhlükəsizlik vəziyyəti ilə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.

