Hindistanın Uttar-Pradeş ştatında iki nəfərin ölümünə səbəb olduğu bildirilən pələng axtarılır.
Bu barədə The Times of India məlumat yayıb.
Məlumata görə, iyunun 14-də yırtıcı Ramnaqar kəndi yaxınlığında şəkər qamışı yığan 60 yaşlı fermerə hücum edib.
Ertəsi gün isə qonşu Khalepurva kəndində 50 yaşlı qadın pələngin hücumuna məruz qalıb. Hadisə qadının evinin yaxınlığında ot biçdiyi vaxt baş verib.
Ştatın meşə təsərrüfatı departamentinin nümayəndələri bildiriblər ki, hücumların baş verdiyi kəndlər bir-birindən təxminən 2,5 kilometr məsafədə yerləşir. İlkin ehtimala görə, hər iki hadisə eyni pələnglə bağlı ola bilər.
Ərazidə pələngin tutulması üçün yemli qəfəslər, fototələlər quraşdırılıb, həmçinin ərazilər dronlarla nəzarətdə saxlanılır.
The Times of India-nın məlumatına görə, son iki aya yaxın müddətdə həmin bölgədə vəhşi pişiklərin hücumu nəticəsində 6 nəfər ölüb. Onlardan 4-nün leopar hücumlarının qurbanı olduğu bildirilir.

