Hindistanın Dudxva Milli Parkının bufer zonasında pələngin hücumu nəticəsində fermer həlak olub. Bu barədə Hindustan Times məlumat yayıb.
Məlumata görə, 45 yaşlı fermer Pragat Sinq martın 6-da axşam saatlarında şəkər qamışı sahəsində işləmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun ailəsi gecə saatlarında fermeri axtarmağa çalışsa da, qaranlıq səbəbindən heç nə görə bilməyib və axtarışları növbəti günə saxlayıb.
Səhər saatlarında itkin düşən şəxsin yaxınları yerli sakinlərlə birlikdə park ərazisinə yollanıblar. Axtarış zamanı əvvəlcə Sinqə məxsus türban və ayaqqabılar tapılıb.
Daha sonra axtarışları davam etdirən insanlar fermerin qalıqlarını aşkar ediblər. Hadisə yerinə gələn mütəxəssislər müəyyən ediblər ki, Pragat Sinqə pələng hücum edib və bədəninin bəzi hissələrini parçalayıb.
Bildirilir ki, ilin əvvəlindən Dudxva parkında vəhşi heyvan hücumu nəticəsində ölənlərin sayı üçə çatıb. Martın 2-də eyni bufer zonada bəbir 14 yaşlı oğlanı parçalayaraq öldürüb.
Bundan əvvəl isə yanvarın 11-də həmin ərazidə naməlum iri pişik növünə aid vəhşi heyvan 35 yaşlı qadını öldürüb.

