Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 75 yaşlı qadın həyatını itirib.
Mərhumun yaxınlarının sözlərinə görə, hadisə axşam saatlarında baş verib. Qadın yaxınlarına qonaq getmək üçün yola çıxıb və avtobusdan düşdüyü vaxt qəzaya düşüb.
Mərhumun nəvəsi bildirib ki, arxadan hərəkət edən 214 nömrəli marşrut avtobusu qadını vurub.
Onun sözlərinə görə, hadisə nəticəsində yaşlı qadın ağır xəsarətlər alıb və Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidləri də qəza ilə bağlı öz versiyalarını bölüşüblər. Şahidlərdən biri bildirib ki, avtobus dayanmış nəqliyyat vasitəsini piyadaların hərəkəti üçün nəzərdə tutulan yol hissəsi ilə keçməyə çalışıb.
Digər şahid isə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirmiş ola biləcəyini ehtimal edib. Bununla belə, bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.
Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri və şəraiti araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları araşdırma aparır.
DenMedia.az Xəzər Xəbər-in materialını təqdim edir:

