Tovuz rayonunda uşaq bağçasının müdirinə iş otağında hücum edilib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində yerləşən körpələr evi-uşaq bağçasında baş verib.
Məlumata görə, 50 yaşlı Elçin Səfərov — ad və soyad şərtidir — keçmiş həyat yoldaşı olan bağça müdiri Şəfiqənin — adı şərtidir — işlədiyi müəssisəyə gəlib. Onların arasında yaranan mübahisə zamanı qadına zor tətbiq olunduğu bildirilir.
İddiaya əsasən, kişi mübahisə zamanı qadına xəsarət yetirib. Hadisədən sonra Elçin Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Mənbənin məlumatına görə, onun barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi — “Döymə” ilə inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə Elçin Səfərov 1 ay müddətinə inzibati həbs edilib.

