Suriyanın şərqində Fərat çayı üzərində hərəkət edən çay bərəsinin körpü ilə toqquşması nəticəsində iki uşaq həlak olub.
Bu barədə SANA agentliyi Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, qəza Deyr əz-Zor vilayətində baş verib. Xilasedicilərin bildirdiyinə görə, hadisə zamanı bərənin göyərtəsində ən azı 35 nəfər olub.
Keçid zamanı bərə hərbi körpü ilə toqquşub. Nəticədə iki uşaq həyatını itirib.
Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, hadisədən sonra 15 nəfər xilas edilib.
Deyr əz-Zor Milli Xəstəxanasının direktoru Obeyda Abderəzzaq bildirib ki, tibb müəssisəsinə 7 yaralı çatdırılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Bərədə olan digər sərnişinlərin taleyi dəqiqləşdirilir.

