Hindistanın Karnataka ştatında 65 yaşlı qadın məhkəmə zalında “qara magiya” ayini keçirdiyinə görə saxlanılıb.
Bu barədə NDTV məlumat yayıb.
Polisin məlumatına görə, Manjula adlı qadın məhkəmə binasına daxil olaraq hakimin kreslosuna xardal toxumları səpib və daha sonra oranı tərk edib. Onun hərəkətləri zalda quraşdırılmış müşahidə kameralarına düşüb.
Hüquq-mühafizə orqanları qadını saxlayaraq ona yerli inanclara görə hakimi “lənətləmək” və ya məhkəmə qərarlarına təsir göstərmək məqsədi daşıyan magiya ayini keçirmək ittihamı irəli sürüblər.
Hadisə məhkəmə əməkdaşları arasında narahatlıq yaradıb. Polis qadının mümkün şəriklərinin olub-olmadığını və bu əməli hansı səbəbdən törətdiyini müəyyənləşdirmək üçün araşdırma aparır.
Hazırda qadın həbsdə saxlanılır. Onu Hindistanın bəzi ştatlarında qüvvədə olan cadugərlik və mövhumatla bağlı qanunvericilik əsasında cəza gözləyir.

