Yeni Zelandiyada 49 yaşlı qadına qarşı irəli sürülmüş “meyit üzərində təhqiramiz hərəkətlər” ittihamı üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə NZ Herald nəşri məlumat yayıb.
Hadisə 2025-ci ilin yanvarında ölkənin Nelson şəhərətrafı ərazisində baş verib. Polis çağırış əsasında evə gəldikdə, qadın söhbət zamanı bir neçə həftə əvvəl birlikdə 10 il yaşadığı partnyorunun öldüyünü bildirib. Daha sonra isə onun ikinci mərtəbədəki terrasında uzandığını deyib.
Polis əməkdaşları yuxarı qalxdıqda, bir neçə qat pərdə ilə örtülmüş, çürüməkdə olan meyit aşkar ediblər. Meyitin ətrafına mərhumun şəxsi əşyaları düzülmüşdü. Qadın isə ölümdən sonra niyə təcili yardım və ya polis çağırmadığını izah edə bilməyib. O saxlanılıb və tibbi-psixoloji müayinəyə göndərilib.
Aparılan istintaq və psixiatrik ekspertizadan sonra məhkəmə qərara gəlib ki, qadın atipik psixozdan əziyyət çəkir və hadisə zamanı tam şüurunda olmayıb. Bu səbəbdən ona cəza deyil, məcburi müalicə təyin olunub.
Hakim Harri Barkl qərarında vurğulayıb ki, qadının hərəkətlərində pis niyyət və ya meyitə qarşı təhqir məqsədi olmayıb. Bildirilib ki, o, hazırda könüllü şəkildə müalicə alır və həkimlərin rəyinə görə vəziyyətində ciddi irəliləyiş müşahidə olunur.

