PSJ-nin müdafiəçisi və Mərakeş millisinin kapitanı Əşrəf Hakimi zorlama ittihamı ilə cinayət məhkəməsi qarşısına çıxacaq.
Bu barədə RMC Sport məlumat yayıb.
Məlumata görə, qərarı Versal Apellyasiya Məhkəməsinin istintaq palatası açıqlayıb.
Futbolçunun tərəfi işə xitam verilməsi üçün məhkəməyə müraciət etsə də, bu tələb rədd edilib.
Hakiminin vəkili Fanni Kolin bildirib ki, futbolçu məhkəməni gözləyir və ona qarşı irəli sürülən ittihamlarla bağlı ictimaiyyət qarşısında danışmaq istəyir.
Hadisənin 2023-cü ilin fevralında Paris ətrafında baş verdiyi bildirilir. İddia olunur ki, 24 yaşlı qadın futbolçu ilə sosial şəbəkələrdə tanış olub və daha sonra onun evinə gedib.
Qadın baş verənlərlə bağlı polisə müraciət edib.
2023-cü ilin martında Hakimi saxlanılaraq dindirilib, daha sonra isə məhkəmə nəzarəti altına alınıb.
İstintaq zamanı futbolçu ona qarşı irəli sürülən ittihamları rədd edib.
Qeyd edək ki, Əşrəf Hakimi Mərakeş millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edir. O, qrup mərhələsinin ilk turunda Braziliya ilə 1:1 hesablı oyunda 90 dəqiqə meydanda olub.

