Nepalın Çinlə sərhəddə yerləşən Rasuva rayonunda baş verən güclü sel nəticəsində azı 16 nəfər həyatını itirib, 400-ə yaxın turistlə əlaqə kəsilib.
EFE agentliyinin Nepal hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir.
Nepal Turizm Şurasının məlumatına əsasən, 384 yerli və xarici turistdən xəbər yoxdur. Onlardan 93-ü Nepal vətəndaşı, 291-i isə əcnəbidir. İtkinlər arasında ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland, Malayziya, Hindistan və digər ölkələrin vətəndaşları var.
Bundan başqa, Çin sərhədi yaxınlığında xidmət edən 9 polis əməkdaşının da itkin düşdüyü bildirilir.

Axtarış-xilasetmə əməliyyatları zamanı indiyədək onlarla insan xilas edilib. Bölgədə 14 helikopterin iştirakı ilə genişmiqyaslı əməliyyat aparılır.
Fəlakət Bhote-Koşi çayında suyun səviyyəsinin qəfil yüksəlməsi nəticəsində baş verib. Sel xüsusilə Timure, Rasuvagadhi və Syabrubesi yaşayış məntəqələrinə ciddi ziyan vurub. Evlər, yollar, körpülər və hidroenergetika obyektləri dağılıb və ya zədələnib.
İlkin ehtimallardan birinə görə, fəlakətə Tibet/Himalay bölgəsində baş verən buz-qaya uçqunu və ya sürüşmə nəticəsində çayın qarşısının tutulması səbəb ola bilər. Hadisənin dəqiq səbəbi araşdırılır.

