Türkiyənin məşhur Ölüdəniz kurortu üzərində yerləşən Babadağda tandem paraplan uçuşu zamanı qəza baş verib. Hadisə nəticəsində sərnişin və təcrübəli pilot-təlimatçı həyatını itirib.
Haberler nəşrinin məlumatına görə, ölənlərin Çin vətəndaşı Syanjuy Men və pilot Əli Kıdıl olduğu bildirilir.
İlkin məlumata əsasən, onlar səhər saatlarında Babadağın 1900 metr yüksəklikdə yerləşən nöqtəsindən tandem uçuşuna başlayıblar.
Uçuşdan qısa müddət sonra paraplan naməlum səbəbdən qayalıq və sıldırım əraziyə düşüb.
Yerli medianın məlumatına görə, ərazinin çətin keçilən olması səbəbindən xilasedicilərin cəsədlərə çatması 10 saat çəkib.
Hadisədən sonra paraplan uçuşları müvəqqəti dayandırılıb, ertəsi gün isə yenidən bərpa edilib.

