Yunanıstanın Egey dənizində yerləşən Sifnos adasında özəl helikopter qəzaya uğrayıb. “Efimerida ton Syntakton” nəşrinin məlumatına görə, helikopterdə olan üç nəfərin hamısı – pilot və iki sərnişin həlak olub.
Faciə helikopterin Tolos ərazisindəki meydançadan havaya qalxmasından qısa müddət sonra baş verib. Hava gəmisi yerə çırpılıb və qəza yerində yanğın başlayıb.
Xilasedicilər ölənlərin cəsədlərini aşkar ediblər. İlkin məlumata görə, həlak olanlar iki kişi və bir qadındır. Qurbanların şəxsiyyəti və vətəndaşlığı hələlik açıqlanmayıb.
Helikopterin yaşayış olmayan əraziyə düşməsi səbəbindən yaxınlıqdakı binalara ziyan dəyməyib.
Qəzanın səbəbləri araşdırılır.

