Nepalın şimalında güclü torpaq sürüşməsi və dağıdıcı seldən ən çox zərər çəkən Rasuva və Nuvakot rayonlarında təxminən 600 məktəbli itkin düşmüş hesab olunur.
Bu barədə “The Kathmandu Post” mənbələrə istinadən məlumat yayıb.
Avqustun 26-da səhər saatlarında baş verən təbii fəlakət nəticəsində 12 məktəb tamamilə dağılıb, daha 10 təhsil müəssisəsinə isə ciddi ziyan dəyib. İtkin düşənlər arasında həmin məktəblərin 22 müəllim və əməkdaşı da var.
Nuvakot Təhsilin İnkişafı və Koordinasiyası Şöbəsinin rəhbəri Surya Bahadur Xatrinin sözlərinə görə, hakimiyyət itkin düşənlərin tapılması üçün mümkün olan hər şeyi edir. Lakin rabitə problemləri axtarış işlərini çətinləşdirir.

Bidur bələdiyyəsinin təhsil şöbəsinin məktəb inspektoru Navaraj Sapkota isə vəziyyətin son dərəcə narahatedici olduğunu bildirib.
Onun sözlərinə görə, bəzi hallarda sağ qalan valideynlər uşaqlarını tapa bilmir, digər hallarda isə sağ qalan şagirdlər itkin düşmüş valideynlərini axtarırlar.
UNICEF-in daha əvvəl yaydığı məlumata görə, Nepalda ən azı 22 min uşaq təmiz içməli su çatışmazlığından əziyyət çəkir. Onların həmçinin sanitariya və gigiyena vasitələrinə təcili ehtiyacı var. Ölkədə su təchizatı sistemləri və sanitariya infrastrukturu zədələnib və ya tamamilə dağılıb.
Denmedia.az

