Kanadanın Ontario əyalətində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
Qəza oktyabrın 9-da Fergus şəhəri yaxınlığında baş verib. Təyyarə avtomobil yolunun yaxınlığındakı sahəyə düşüb və qəzadan dərhal sonra alovlanıb.
Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu söndürüblər. Ontario Əyalət Polisi təyyarədə olan hər iki şəxsin hadisə yerində öldüyünü açıqlayıb. Başqa xəsarət alan olmayıb.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatına görə, qəzaya uğrayan hava gəmisi “Skybolt” tipli həvəskar istehsalı biplan olub. Təyyarə Fergus hava limanından yerli akrobatik təlim uçuşu üçün havaya qalxıb və göyərtəsində iki təcrübəli pilot olub.
Təyyarə hava limanından təxminən 2 kilometr şimal-qərbdə qarğıdalı sahəsinə düşüb.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. Araşdırmanı Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası davam etdirir.

