İngiltərənin Donkaster şəhəri yaxınlığındakı Yorkshire Wildlife Park-da pələnglərin saxlanıldığı əraziyə daxil olan kişi heyvanın hücumuna məruz qalaraq həyatını itirib.
Hadisə oktyabrın 10-da yerli vaxtla saat 13:35 radələrində baş verib.
İlkin məlumatlarda kişinin ağır yaralanaraq xəstəxanaya çatdırıldığı bildirilirdi. Lakin Cənubi Yorkşir Polisi daha sonra açıqlayıb ki, təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, kişi hadisə yerində ölüb.
Hadisədən sonra əraziyə iki təcili tibbi yardım maşını, həkim və tibbi helikopter cəlb olunub.
Polisin məlumatına görə, kişi pələnglərin saxlanıldığı əraziyə daxil olduqdan sonra heyvanlardan biri ona hücum edib.
Hadisə ilə əlaqədar park təxliyə olunub və oktyabrın 11-də də ziyarətçilər üçün bağlı qalacağı açıqlanıb.
Hücum edən pələng xəsarət almayıb və öz ərazisində saxlanılıb. Polis ictimaiyyət üçün əlavə təhlükənin olmadığını bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

