Qusar rayonunun İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində üç nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 10-da çaqqal dişləməsi səbəbindən bir kişi və bir qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Oktyabrın 12-də isə daha bir qadın eyni səbəbdən xəstəxanaya müraciət edib.
Hər üç şəxsin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarətlər aşkarlanıb. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.
Hazırda yaralıların vəziyyəti stabil qiymətləndirilir. Onlar tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Məlumata görə, son günlər vəhşi heyvanların kənd ərazisinə daxil olması hallarının artması yerli sakinlər arasında narahatlıq yaradıb.

