Bakının Xəzər rayonunun Binə qəsəbəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər xəsarət alıb.
160 nömrəli marşrut xətti üzrə hərəkət edən “ISUZU” markalı avtobus “Hyundai” markalı avtobusla toqquşub.
TƏBİB-in məlumatına görə, qəzadan sonra 13 nəfər — 7 kişi və 6 qadın Sabunçu Tibb Mərkəzinə, daha 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Xəsarət alan şəxslərə baş, bədən və ətraf nahiyələrinin müxtəlif travmaları, həmçinin sınıqlar diaqnozu qoyulub. Onların hamısına zəruri tibbi yardım göstərilib.
Yaralıların əksəriyyətinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Tibbi yardım göstərildikdən sonra 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bununla yanaşı, 1972-ci il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsindədir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

