Misirin Şarm əl-Şeyx şəhərində yerləşən beşulduzlu “Swissotel Sharm El Sheikh” otelinin ərazisində Rusiyadan olan 11 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, uşağı yüksək gərginlikli elektrik kabelindən uzaqlaşdırmağa çalışan dostunu da cərəyan vurub. O, ürəyində yaranan problemlərə görə reanimasiya şöbəsinə yerləşdirilib.
Bildirilib ki, ailə 11 yaşlı oğlu və üç yaşlı qızı ilə birlikdə Moskvadan Misirə istirahətə gəlib.
Axşam yeməyindən sonra oğlan yelləncəkdə yellənərkən ot örtüyünün üzərinə yıxılıb. Həmin yerdə yüksək gərginlikli elektrik kabeli olub.
Yaxınlarının sözlərinə görə, elektrik naqili heç bir xəbərdarlıq nişanı olmadan birbaşa otların arasında uzanıb.
Uşaq otelin ərazisində həyatını itirib.
Ailə üzvləri morqda onlara ölümün səbəbi ilə bağlı rəyin hazırlanmasının təxminən 10 gün çəkə biləcəyinin deyildiyini bildiriblər.
Yaxınları bu prosesin hadisənin izlərini gizlətmək məqsədilə qəsdən uzadıldığından şübhələnirlər. Ailə otelin müşahidə kameralarının görüntülərini də əldə edə bilməyib.
İddialara görə, otel nümayəndələri əvvəlcə uşaqların özlərinin transformator məntəqəsinə daxil olduqlarını bildiriblər. Bir neçə gün sonra isə ümumiyyətlə belə bir hadisənin baş vermədiyini iddia ediblər.
Uşağın yaxınları otel rəhbərliyini hadisəni ört-basdır etməyə çalışmaqda ittiham edirlər. Onların sözlərinə görə, rəhbərlik otelin nüfuzuna xələl gəlməməsi üçün məsələni gizlətməyə çalışır və ailəni yaxından izləyir.

