Avstraliyada hüquq-mühafizə orqanları öz evində meyiti tapılan 5 yaşlı oğlan uşağının ölümünün səbəblərini araşdırmağa başlayıblar.
The Mirror nəşrinin məlumatına görə, hadisə yerinə gələn tibb işçiləri uşağın həyatını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Mütəxəssislər və kriminalistlər jurnalistlərin artıq “dəhşət evi” adlandırdıqları yaşayış yerində araşdırma apararkən sarsıdıcı faktlar üzə çıxarıblar.
Məlum olub ki, ölən uşaq, eləcə də onun bacı və qardaşları hər gecə yataq kisələrinin içərisində yapışqan lentlə möhkəm bağlanır, gözləri də lentlə örtülürmüş.
Qətllərin araşdırılması şöbəsinin və uşaqların müdafiəsi xidmətinin əməkdaşları uşaqların sistematik zorakılığa məruz qalması ehtimalını araşdırırlar.
Dindirmə zamanı uşağın atası və ögey anası oğlanın guya inkişaf xüsusiyyətlərinin olduğunu, daha rahat yatması üçün onun başını yapışqan lentlə bağladıqlarını bildiriblər.
Hazırda valideynlərə qarşı rəsmi ittihamların irəli sürülməsi məsələsinə baxılır.
Ailədəki digər uşaqlar isə evdən götürülərək qohumlarının himayəsinə verilib.

