ABŞ-nin Kaliforniya ştatında varlı ər-arvad 21 uşağın yaşadığı evdə azyaşlılara qarşı zorakılıqla bağlı ağır ittihamlarla saxlanılıblar.
Bu barədə New York Post nəşri məlumat yayıb.
Bildirilib ki, 66 yaşlı Qocun Syuan və 39 yaşlı Silviya Çjan uşaqlara qarşı qəddar rəftarda ittiham olunurlar. İstintaqın məlumatına görə, onların dəbdəbəli malikanəsində iki aylıqdan 13 yaşadək uşaqlar yaşayıblar.
Uşaqlar məktəbə getməyib, evdə təhsil alıblar. İddialara əsasən, dərs zamanı ayağa qalxmaları qadağan edilib və qaydalara əməl etməyənlər döyülməklə hədələniblər.
Prokurorluğun məlumatına görə, ailənin işə götürdüyü dayələr uşaqlara mütəmadi olaraq fiziki zorakılıq tətbiq ediblər.

“Onlar evdən kənarda məktəbə getmirdilər. Oyun meydançalarına aparılmırdılar. Bu evdə yaşayır, mətbəxdə, hamam otaqlarında, yataq otaqlarında və dəhlizlərdə zorakılığın şahidi olurdular”, – deyə Los-Anceles dairəsinin prokuroru Natan Hokman bildirib.
Prokuror hadisəni görünməmiş bir iş kimi qiymətləndirib.
Malikanədə 30-dan çox müşahidə kamerasının quraşdırıldığı müəyyən edilib. İstintaq materiallarına əsasən, videoyazılardan birində Syuanın dayəyə uşağı iz qoymadan, mümkün qədər güclü döyməyi tapşırdığı, daha sonra isə zorakılığa özünün də qoşulduğu iddia olunur.
Həmçinin kişinin gecələr fənərlə uşaqların yataqlarını yoxladığı və yatmayanları döydüyü bildirilir.
Hüquq-mühafizə orqanları evdə kremasiya edilmiş uşağın qalıqlarını da aşkar ediblər.
Prokurorluq Syuana qarşı uşaqlarla qəddar rəftar və cinayət törətmək məqsədilə əlbir olma ittihamları irəli sürüb. Çjan isə zorakılıqla bağlı cinayətlərə yardım etməkdə ittiham olunur.
Məlumata görə, uşaqlar ailənin himayəsindən çıxarılaraq müvafiq dövlət qurumunun nəzarətinə verilib. Bildirilib ki, onlar xilas edildikdən sonra belə parka çıxmağa qorxublar.
Ər-arvad ittihamları qəbul etməyib. İş üzrə məhkəmə prosesi davam edir.

