ABŞ-da 31 yaşlı çoxuşaqlı ana 17 aylıq oğlunun meyitinin otel otağında aşkarlanmasından sonra həbs edilib.
Bu barədə The People məlumat yayıb.
Hadisə Arizona ştatının Flagstaff şəhərindəki La Quinta Inn & Suites otelində baş verib. Məlumata görə, polis mayın 17-də səhər saatlarında oteldə azyaşlı uşağın ölü tapılması ilə bağlı çağırış alıb.
Bildirilir ki, qadın dispetçerlə danışarkən oğlunun ölümünə səbəb olduğunu deyib və daha sonra zəngi yarımçıq kəsib. Polis əməkdaşları otel otağında uşağın meyitini aşkarlayıblar.
Otaqda qadının digər iki övladı — 9 və 7 yaşlı uşaqlar da olub. Onların xəsarət almadığı bildirilir.
İstintaqın məlumatına görə, qadın aprelin sonunda uşağa qarşı zorakılıq etdiyini etiraf edib. Daha sonra uşağın vəziyyəti pisləşsə də, o, tibbi yardım üçün müraciət etməyib.
Qadına birinci dərəcəli qətl, uşağa qarşı qəddar rəftar və meyitin gizlədilməsi ittihamları irəli sürülüb.

